16/08/2014 13:38

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə general-polkovnik hərbi rütbəsi verilib

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin İsağa oğlu Quliyevə general-polkovnik hərbi rütbəsi verilib. Bu barədə “AzeriDefence” Azərbaycan Prezidentinin rəsmi saytına istinadən məlumat verib.E.İ.Quliyevə general-polkovnik hərbi rütbəsinin verilməsi haqqında prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

E. İ. Quliyev 22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1988-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib.

1988-ci ildən həqiqi hərbi xidmətdədir. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif zabit vəzifələrində xidmət edib, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 27 mart 2001-ci il tarixli 450 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli təhlükəsizlik nazirini müavini – Sərhəd Qoşunlarının Komandanı təyin edilib.

Prezidentin 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilib. Prezidentin 15 avqust 2001-ci il tarixli 556 nömrəli Fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-leytenant hərbi rütbəsi verilib.

Ailəlidir. Dörd övladı var.