13/06/2019 15:00

DSX 5100 metr uzunluğunda bayraqla möhtəşəm yürüş təşkil etdi – FOTO/VİDEO

Dovlət Sərhəd Xidməti (DSX) tərəfindən 15 iyun – “Milli Qurtuluş günü” münasibəti ilə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı bayraq yürüşü təşkil edilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Yürüşdə 5100 m uzunluqda Azərbaycanın Dövlət Bayrağını irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər heyət çiyinləri üzərində daşıyıblar.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sərhədçi süvariləri dövlət bayrağını aparıblar.

Yürüş boyu yerləşdirilmiş zirehli döyüş texnikalarında dövlət bayrağı dalğalandırılıb, dövlət bayrağındakı səkkiz guşəli ulduzu tərənnüm edən 8 helikopterin qrup halında uçuşu olub.

“Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri Dahi Öndər Heydər Əliyevin uca xatirəsinə və milli dövlətçilik ənənələrinə sadiqliklərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər”, – deyə məlumatda qeyd olunub.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib. 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdışı ilə Ulu Öndər Heydər Əliyevin qısa zaman ərzində ölkədə sabitliyi bərpa etməsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qоrumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsini qeyd edib.

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı bayraq yürüşü Prezident İlham Əliyevin komandanlığı altında torpaqlarımızı azad etməyə, işğal altında olan dövlət sərhədlərini mühafizəyə götürməyə və bütün dövlət sərhədlərimiz boyu şanlı dövlət bayrağımızı ucaltmağa sərhədçi əzminin ifadəsidir”, – deyə qeyd olunub.

Sonda Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, “Nur” vokal-instrumental qrupunun kollektivləri konsert proqramı ilə çıxış ediblər.