13/11/2017 13:29

DSX Akademiyası bilik yarışmasında 1-ci yerə çıxıb – FOTO

Noyabrın 11-də 44 ali təhsil müəssisəsinin iştirak etdiyi, Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyası 35 xalla 1-ci yerə yüksəlib.

Xidmətin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 13-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bilik yarışının qaliblərini və onları hazırlamış müəllim heyətini qəbul edib.

General-polkovnik Elçin Quliyev kursantları və onların müəllimlərini qələbə münasibətilə təbrik edib, Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında və formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu xüsusi qeyd edib. 2014-cü ildən etibarən keçirilən bu bilik yarışında DSX Akademiyasının daima ilk beşlikdə yer tutması, ötən il 2-ci yerə, bu dəfə isə 1-ci pilləyə yüksəlməsi gənc sərhədçi nəslinin hərbi vətənpərvərlik və Heydər Əliyev ideyalarına sadiqlik ruhunda tərbiyəsi sahəsində qazanılmış ciddi uğur kimi qiymətləndirilib.

“Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bi­lik yarışında yüksək bilik və əzmkarlıq nümayiş etdirərək ən yüksək nəticə göstərmiş kursantlar və müəllimlər dövlət təltifləri və fəxri fərmanlar ilə mükafatlandırılıb.