10/07/2018 16:07

DSX Akademiyasının məzunlarının buraxılış mərasimi keçirilib – FOTOLAR

Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyasının məzunlarının buraxılış mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Ənənəvi olaraq Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib, Azərbaycanın hər bir sərhədçisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını daima uca tutacaqlarına inamını ifadə edib.

General-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevin təkcə 2018-ci il ərzində 2 dəfə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrinə səfərlərinin, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın DSX-nin Xüsusi Məktəbinin yeni korpusunun açılış mərasimində iştirakının Dövlət Sərhəd Xidmətinə göstərilən ali diqqətin növbəti ifadələri olmasını xüsusi vurğulayıb.

Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən bu qayğı sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağını, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmalarını bildirib.

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunub, gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribnanın önündən keçiblər.

Mərasimdən sonra gənc zabitlər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.