12/03/2018 16:10

DSX: Azərbaycana narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2 halda respublika ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə qanunsuz keçirilməsinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, Lənkəran sərhəd dəstəsinin Astara rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan 2 nəfər şəxsin qarşısı alınıb. Sərhəd pozucuları qanunsuz yolla dövlət sərhədindən keçirmək istədikləri qaçaqmalı ataraq havanın qaranlıq və ərazinin sıx meşəlik olmasından istifadə etməklə geriyə qaçıblar. Hadisə yerinə baxış zamanı sərhəd pozucularına məxsus 535 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamətində Azərbaycanın sərhəd sularında rejimə nəzarət həyata keçilərkən su səthində kustar üsulla hazırlanmış buy, buya bağlanılmış kisədə isə 2200 qram narkotik vasitə olan heroin aşkar olunaraq dövriyyədən çıxarılıb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.