30/05/2018 19:26

DSX-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubiley tədbirlərinə yekun vurulub

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərin yekunu olaraq Dövlət Sərhəd Xidməti Aparatında təşkil olunan mərasimdə 28 may 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Prezident, Silahıl Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev nitqi hərbi qulluqçulara nümayiş etdirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev prezident, Silahıl Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tarixi nitqindən irəli gələn vəzifələrə dair sərhədçilərin üzərinə düşən tapşırıqları müəyyənləşdirib. Heydər Əliyev ideyalarına həmişə öz sədaqəti ilə seçilən şəxsi heyətin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

Sərhədçiləri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə təbrik edən DSX rəisi mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu olaraq şərqdə və türk dünyasında ilk demokratik quruluş olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması barədə İstiqlal Bəyan­aməsinin elan olunduğu 28 may 1918-ci ilin dövlətçilik tariximizə şanlı bir səhifə kimi qızıl hərflərlə yazıldığını qeyd edib.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən onu itirmək təhlükəsi ilə üzləşən Azərbaycanın 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində müstəqilliyini qoruyub saxlaması, böyük inkişaf və tərəqqi yoluna qədəm qoyması minnətdarlıq hissi ilə qeyd olunub. Ötən dövr ərzində Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində dövlətimizin inkişaf edərək dünyanın qabaqcıl və firavan ölkələrindən birinə çevrilməsi vurğulanıb.

Tədbirdə dövlət başçısının qətiyyəti sayəsində yaxın zamanlarda Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsi Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə olunub.

Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibəti ilə xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.