30/06/2015 14:02

DSX dənizdə qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupları zərərsizləşdirib

Bu ilin iyununda sərhədçilər tərəfindən dəniz yolu ilə ölkəmizə qaçaqmal gətirməyə cəhd göstərən cinayətkar qruplar zərərsizləşdirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, bu il iyunun 19-da DSX Sahil Mühafizəsinin “Müqtədir” sahil nəzarət məntəqəsinin xidməti sahəsindən Rusiyadan dəniz yolu ilə qayıqla qaçaqmalın gətiriləcəyi barədə əldə olunan məlumata əsasən sahilboyu ərazi qapanıb, sərhəd gözətçi gəmisi vasitəsilə ərazi müşahidə altına götürülüb.

Keçirilən tədbirlər nəticəsində iyunun 20-də saat 01:00 radələrində mühərrikli qayıqla 804 kq nərə cinsli və 7 kq hisə verilmiş balıq, 2,4 kq qara kürü gətirmiş 8 nəfərdən ibarət qrup saxlanılıb.

İyunun 29-da saat 09:30 radələrində DSX Sahil Mühafizəsinin “Balıqçılar” sahil nəzarət məntəqəsinin xidməti sahəsində dənizdən qayıdan balıqçı qayığının sənədləşdirilməsi zamanı 2 nəfərdən ibarət heyət üzvünün hərəkətləri sərhəd naryadında şübhə doğurduğu üçün qayığa əsaslı baxış keçirilib, qayığın burun və orta hissələrində xüsusi düzəldilən gizli saxlanc yerləri aşkar edilib.

Gizli yerlərə baxış zamanı 36 ədəd bağlamada ümumi çəkisi 1550 qram narkotik maddə olan qurudulmuş marixuana, 4600 qutu “Kent”, 2000 qutu “MM” markalı siqaretləri, 5970 konvalyut “Altram-200”adlı dərman preparatı, 15 ədəd “Samsung-Galaxy” markalı mobil telefon aşkar olunaraq götürülüb. İlkin araşdırma zamanı qaçaqmalın şəbəkə qrup tərəfindən dəniz yolu ilə İrandan gətirildiyi müəyyən edilib.

Hər iki fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi qaldırılıb, zəruri istintaq tədbirləri davam etdirilir.