07/02/2019 11:12

DSX: Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə dövlət sərhədini pozmağa cəhd edərkən 2 Şri-Lanka, 1 Özbəkistan, 1 Azərbaycan vətəndaşları, həmçinin dövlət sərhədinin pozulması ilə əlaqədar cinayətlərin iştirakçısı olan 1 Şri-Lanka və 3 Azərbaycan vətəndaşları saxlanılıb.

Belə ki, yanvarın 15-də Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-London” reysi ilə uçmağa hazırlaşan Şri-lanka vətəndaşları 1972-ci il təvəllüdlü Subramaniyam Rasenthiram və 1999-cu il təvəllüdlü Siththira­sekaram Panusam sənədlərin rəsmiləşdirilməsi zamanı təqdim etdikləri Böyük Britaniyaya məxsus vizaları saxta olduğundan saxlanılıblar. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxta sənədlərin əldə olunması, düzəldilməsi, istifadəsində şübhəli bilinən Şri-Lanka vətəndaşı 1982-ci il təvəllüdlü Sivangnanam Kirusanthan və onunla əlbir olan Azərbaycan vətəndaşları 1986-cı il təvəllüdlü Mövlayev İlqar Dilqəm oğlu, 1983-cü il təvəllüdlü Ağalarov Ramazan Mirtalıb oğlu və 1993-cü il təvəllüdlü Piriyev Şahin Əhmədağa oğlu saxlanılıblar.

Yanvarın 18-də DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Qusar rayonunun Samur qəsəbəsinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Alıoğlu Orxan Famil oğlu sərhəd pozucusu qismində saxlanılıb. Yanvarın 20-də eyni ərazisindən və eyni istiqamətdə dövlət sərhədini pozmağa cəhd edərkən Özbəkistan vətəndaşı 1951-ci il təvəllüdlü Nurmakhammadov Ramazon Nurmahammad oğlu sərhəd pozucusu qismində saxlanılıb. Hər iki şəxsin üzərində Rüsiyadan deportasiya olunması barədə arayışlar aşkarlanıb.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.