04/10/2019 16:24

DSX: Dövlət sərhədinin pozulmasının qarşısı alınıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miqrasiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində 2 nəfər Əlcəzair vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Oktyabrın 4-də DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslərin 25 sentyabr 2019-cu il tarixdə rəsmi qaydada Türkiyədən İstanbul-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Əlcəzair vətəndaşları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.