19/10/2019 13:26

DSX: Dövlət sərhədinin pozulmasının qarşısı alınıb

Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhə­dinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanun­suz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri da­vam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb. İlkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazisini tərk edərək İrana getməsı, barəsində cinayət işinin aparılması və 2017-ci ildən etibarən Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.

Bundan başqa “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçirilərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan Azərbaycan vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu  şübhəli şəxs qismində saxlanılıb.

Həmçinin Xaçmaz rayonu Yalama kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Rusiyadan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araşdırma zamanı sərhəd pozucusunun barəsində cinayət işinin aparılması və 2012-ci il­dən etibarən Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.

Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.