19/06/2017 12:32

DSX əməkdaşları dövlət sərhəddini pozan şəxsləri tutublar – FOTO

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən qeyri-leqal miqrasiyaya qarşı mübarizə davam etdirilməkdədir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Xidmətin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində iyunun 13-də saat 23:30 radələrində Yardımlı rayonunun Alar kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Banqladeş vətəndaşı saxlanılıb.

Onlardan biri 1991-ci il təvəllüdlü Amin MD Tacul, digəri 1985-ci il təvəllüdlü Məhəmməd Bahəddindir. Banqladeş vətəndaşıları ilə yanaşı onlara bələdçilik edən İran vətəndaşı 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğlu da saxlanılıb.

Sərhəd pozucularının dövlət sərhədindən keçirilməsinə vasitəçilik edən Azərbaycan vətəndaşı Yardımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu hadisə yerindən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. İlkin araşdırma zamanı Banqladeş vətəndaşlarının Odlar Yurdu və Qərb Universitetlərinin tələbələri olması müəyyənləşdirilib.

Həmin tarixdə saat 23:50 radələrində Cəlilabad rayonunun Əsədli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədinin pozulması əlamətləri aşkarlanıb.

Fakt üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusunu qarşılamaq üçün əraziyə gəlmiş Cəlilabad rayonunun Musalı kənd sakinləri Gözəlov Daxil və Şixəli Əhməd oğlu qardaşları, daha sonra isə sərhəd pozucusunun özü, 1980-cı il təvəllüdlü Gözəlova Aynur Əhməd qızı saxlanılaraq istintaqa cəlb olunublar.

Araşdırma zamanı sərhəd pozucusunun 2007-ci ildən Türkiyədə məskunlaşması, müvafiq sənədləri olmadığından 2017-ci ilin iyun ayının əvvəllərində vətənə qayıtmaq üçün Türkiyə sərhədini pozaraq İrana, oradan isə Azərbaycana keçməsi müəyyənləşdirilib.

Hər iki fakt üzrə cinayət işi başlanıb və əməliyyat-istintaq tədbirləri davam etdirilir.