12/01/2018 08:43

DSX əməkdaşları dövlət sərhədini pozan şəxsləri tutublar

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən Azərbaycan ərazisində törətdikləri cinayət əməlindən yayınmaq məqsədi ilə qeyri-qanuni yollarla dövlət sərhədini pozaraq müqabil ölkə ərazisinə keçməyə cəhd edən şəxslər saxlanılıb.

DSX-nin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məluata görə, Azərbaycan vətəndaşları 11.01.1983-cü il təvəllüdlü Xasməmmədov Sənan Səməd oğlu və 06.08.1981-ci il təvəllüdlü Xasməmmədov Elvin Azər oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıb.

Aparılan araşdırmalar nəticəsində saxlanılan hər iki şəxsin müxtəlif banklara borclu olduqlarına görə məhkəmə qərarı ilə ölkədən çıxışlarının məhdudlaşdırılması və bu səbəbdən onların ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərmələri məlum olub.

Bundan başqa, Azərbaycan vətəndaşı 18.06.1985-ci il təvəllüdlü Orucov Xəqani Soltan oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən saxlanılıb. Aparılan ilkin araşdırma nəticəsində onun törətdiyi cinayət əməlinə görə axtarışda olması müəyyənləşdirilib.

Hazırda hər iki fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.