25/01/2017 18:21

DSX əməkdaşları İrandan Azərbaycana narkotik vasitə keçirənləri tutublar

Dövlət Sərhəd Xidmətinin əməkdaşları sərhəddən narkotik vasitənin keçirilməsinin qarşısını alıblar.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Yanvar ayının 23-də saat 05:10 radələrində daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Təzəkənd  kəndi ərazisində Dövlət Sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmiş küllü miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürərək avtomobillə hadisə yerindən qaçmağa cəhd göstərən Ağdam rayon sakini Vəliyev Tapdıq Aydın oğlu və Laçın rayon sakini Nəbiyev Sənan Surxay oğlu  sərhəd naryadı tərəfindən təqib olunaraq saxlanılıb.

Avtomobilə baxış zamanı bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 2 kq tiryək və 1 kq heroin aşkar olunaraq götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.