03/07/2018 11:43

DSX əməkdaşları saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıblar

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində iyun ayının ikinci yarısında 4 şəxsin saxta sənədlərlə, 3 nəfərin özgəsinə məxsus sənədlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 15 iyun tarixində Bakı–Riqa–Stokqolm reysi ilə tranzit uçan 1987-ci il təvəllüdlü İraq vətəndaşı Omar Ahmed Hasaballahın İsveçin daimi yaşayış kartının özgəsinə məxsus olması aşkar olunub. 19 iyun tarixində Dubay–Bakı reysi ilə gələn RF vətəndaşı 1992-ci il təvəllüdlü İnalov Umar Alxamidoviçin sərhəd nəzarətinə təqdim etdiyi RF pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması müəyyən edilib. Saxlanılmış şəxsin üzərindən əlavə Ukraynaya da məxsus saxta pasport aşkarlanıb. Araşdırma zamanı U.İnalovun 2016-cı ildən RF-də federal axtarışda olması məlum olub. 20 iyun tarixində Sankt–Peterburq–Gəncə reysi ilə ölkəyə gələn AR vətəndaşı Gəncə şəhər sakini 1962-ci il təvəllüdlü Həsənov Fizuli Vəli oğlunun pasport nəzarətinə təqdim etdiyi pasportun qardaşı Həsənov Nizami Vəli oğluna məxsus olması aşkar edilib. 25 iyun tarixində Dubay-Bakı-Milan reysi ilə tranzit uçan Şri-Lan­ka vətəndaşı 1996-cı il təvəllüdlü Vijayaseelan Tanjeevanın İtaliyaya məxsus yaşayış kartının saxtalaşdırılması aşkar olunub. 26 iyun tarixində Bakı–Moskva–Vyana reysi ilə tranzit uçan İraq vətəndaşı 1980-ci il təvəllüdlü Jaafar Ammar Musa Jaafarın Avstriyaya məxsus yaşayış kartının saxta olması aşkarlanıb. 26 iyun tarixində Bağdad–Bakı reysi ilə gələn İraq vətəndaşı 1999-cu il təvəllüdlü Al Saeed Muhammad Jawad Camalın pasportundakı İran vizasında fotoşəkilin özgəsinə məxsus olması müəyyən edilib. 30 iyun tarixində İstanbul-Bakı reysi ilə gələn Bolqarıstan vətəndaşı 1973-cü il təvəllüdlü Dmitrov Valentin Konstantinovun pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması müəyyən edilib. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilib.