30/01/2018 11:34

DSX əməkdaşları sərhəd pozuntusunun qarşısını alıb – FOTO

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, dövlət sərhədinin mühafizəsi tapşırıqlarını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu istiqamətində sahildən 7,4 mil məsafədə su səthində kustar üsulla düzəldilmiş buy (işarəverici üzücü nişan) müşahidə olunub. Buya baxış zamanı 1 ədəd bağlamada 980 qram marixuana, 1415 qram həşiş aşkar olunub.

Həmçinin daxil olmuş əməliyyat məlumatı əsasında yenə də həmin istiqamətdə sahildən 6,6 mil məsafədə buya bağlanmış vəziyyətdə qəhvəyi rəngli kisədə salafan materiala bükülmüş 2 ədəd bağlama aşkar olunub. Baxış zamanı bağlamalarda 2,9 kq tiryək, 550 qram heroin və 100 qram metafitamin aşkar olunub.

Bundan başqa, qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəzarəti məntəqəsində İranın saxta vizaları ilə Azərbaycandan İrana keçmək istəyən 7 nəfər Özbəkistan vətəndaşı – 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılıb və Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.