08/03/2018 13:20

DSX əməkdaşları sərhədi pozan şəxsi yaxalayıblar

Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, martın 7-də Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran ərazisindən Azərbaycan istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaq-doldurma məntəqəsinin yaxınlığında saxlanılan, 1990-cı il təvəllüdlü Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğlu olması müəyyənləşdirilib.

Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan, Rusiya və Belarusun xəritələri, 1 ədəd dini kitab, 578 ABŞ dolları, 1300 avro, 170000 İİR rialı aşkar olunub.

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.