05/02/2019 13:01

DSX əməkdaşları tərəfindən sərhəd pozucuları saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində əməliyyat-axtarış və qoşun tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayonunun Filfilli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində qaya daşlarının altında gizlədilmiş şəkildə istifadəyə yararlı “TOZ-8-01” markalı yivli silah sahibsiz aşkar olunub.

Bundan başqa, DSX-nin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Şəki rayonunun Baş Zəyzid kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Şəki rayonunun Baş Zəyzid kənd sakinləri 1971-ci il təvəllüdlü Ağaşirinov Hümmət Bəhram oğlu, 1989-cu il təvəllüdlü Kərimov Məhərrəm Nadir oğlu, 1994-cü il təvəllüdlü Musayev Araz Bəylər oğlu və 1969-cu il təvəllüdlü Kərimov Ələskər Sabir oğlu qanunsuz ov etdikləri üçün sərhəd rejim pozucusu qismində saxlanıblar. Onların üzərinə baxış keçirilərkən 3 ədəd ov tüfəngi, 32 ədəd patron və 2 ədəd patron qabı aşkar olunaraq götürülüb.

Həmçinin, DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Qazax rayonunun Sınıqkörpü kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qırmızı körpü” tarixi abidəsinin təmir işləri ilə məşğul olan şirkətin fəhləsi Qazax rayon Hüseynbəyli kənd sakini 1994-cü il təvəllüdlü Sadiqi Adil Valeh oğlundan aksiz markası olmayan 48 blok (qutu) siqaret aşkar olunaraq götürülüb. Araşdırma zamanı qeyd olunan tütün məmulatlarının Gürcüstandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilməsi məlum olub.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.