16/11/2017 10:27

DSX əməkdaşları Xəzər dənizi vasitəsilə Azərbaycana narkotik vasitə keçirənləri tutublar

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb.

Xidmətin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Astara rayonu istiqamətində xidmət aparan Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisi tərəfindən balıqçı qayığının şübhəli hərəkətləri müşahidə olunub və üzmə vasitəsinin saxlanılması üzrə tədbirlər görülüb.

Sərhədçilərin “Dayan” əmrinə tabe olmayan balıqçı qayığı təqib edilərək saxlanılıb, qayıqdakı şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri 1969-cu il təvəllüdlü Mirzəyev Raqib Məzahir oğlu və 1978-ci il təvəllüdlü Əliyev Samid Pərviz oğlu olmaları müəyyənləşdirilib.

Qayığa baxış zamanı ümumi çəkisi 3 kq 720 qram olan bağlamanın içərisində 2 kq tiryək, 1 kq 510 qram heroin və 290 ədəd üzərində “Metadone-40” yazılmış dərman preparatları aşkar olunub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.