23/11/2013 12:58

DSX general Məhəmməd Abbasquliyevlə bağlı nekroloq yayıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) qurumun rəis müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyevin vəfatı ilə bağlı nekroloq yayıb. DSX-dən “AzeriDefence”yə daxil olan nekroloqda qeyd olunub ki, bu gün Azərbaycan Sərhəd Mühafizəsinə ağır itki üz verib. General-mayor Məhəmməd Abbasqulu oğlu Abbasquliyev 48 yaşında vəfat edib.

M. Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kəlboruc Dizə kəndində anadan olub. H, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet Ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001-2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə M. Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib.

“General-mayor Məhəmməd Abbasquliyev tutduğu vəzifələrdən asılı olmayaraq özünü daim səriştəli və bacarıqlı hərbçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcrübəli komandir kimi tanıdıb. Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında, DSX-ində aparılan islahatların həyata keçirilməsində, şəxsi heyətin Milli dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olub. General-mayor Məhəmməd Abbasquliyevin əziz xatirəsi onun tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!”, – deyə nekroloqda qeyd olunub.

Nekroloqda həmçinin vurğulanıb ki, M. Abbasquliyev xidməti dövründə əldə etdiyi nailiyyətlərə görə, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlər, Azərbaycanın və xarici dövlətlərin 12 medalı ilə təltif edilib.

Mərhumun dəfn mərasimi noyabrın 23-2 saat 11:00-da ikinci Fəxri Xiyabanda keçiriləcək.