11/04/2018 20:57

DSX “Harop” atışını ilk dəfə nümayiş etdirdi – VİDEO/FOTO

Dövlət Sərhəd Xidməti (DSX) silahlanmasında yer alan “Harop” kamikadze pilotsuz uçuş aparatının (PUA) atışını ilk dəfə nümayiş etdirib.

“AzeriDefence”nin bildirdiyinə görə, DSX-nin çəkdiyi “Qələbənin yolları” adlı klipdə Xidmətin istifadəsinə daxil olan müxtəlif silah və texnikalarla yanaşı “Harop” da nümayiş olunub. 2016-cı ilin aprel ayında Ermənistan Ordusunun cəbhənin dərinliyindəki mövqelərinə və canlı qüvvələrinə endirilən zərbələrlə üzə çıxan “Harop”un atışları klipdə yer alıb.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında prezident İlham Əliyevin DSX Sahil Mühafizəsinə səfəri zamanı dövlət başçısına “Harop” nümayiş etdirilmiş və həmin vaxt “aprel döyüşlərinin qəhrəmanı”nın DSX-nin olduğu məlum olmuşdu.

Məlumat üçün bildirək ki, 2016-cı ilin aprel ayında DSX-nin buraxdığı “Harop” vasitəsi ilə ermənilərin Madagizdəki komanda idarəetmə məntəqəsi, habelə Ağdərəyə cəbhə xəttinə döyüşməyə gələn qüvvələri (birinci Qarabağ müharibəsində iştirak etmiş Sünik taborunun döyüşçüləri) daşıyan avtobus, Xocalı aeroportunun uçuş-enmə zolağı vurulub. Nəticədə aralarında yüksək rütbbəli zabitlər də olmaqla, çox  sayda erməni hərbçisi məhv edilib.

Klipdə həmçinin, DSX Sahil Mühafizəsinin “Tufan” layihəli (OPV-62) gəmilərindən postsovet regionunda yalnız Azərbaycanın silahlanmasında yer alan, 25 km atış uzaqlığına malik “Spike-NLOS” idarəolunan raketin, helikopterlərdən 13 km məsafəyə malik, lazer yönləndirməli “Lahat” tank əleyhinə idarə olunan raketlərin atışı da əksini tapıb.

“AzeriDefence” DSX-nin hazırladığı klipi təqdim edir. Mahnının musiqisi Alxanlıya, sözləri İsmayıl Dadaşova məxsusdur.