09/05/2017 16:31

DSX Hava Nəqliyyatında sərhəd nəzarəti dəstəsinin yeni inzibati binası istifadəyə verilib – FOTOLAR

Dövlət Sərhəd Xidməti Hava Nəqliyyatında sərhəd nəzarəti dəstəsinin yeni inzibati binası istifadəyə verilib.

Bu haqda “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.

Hava Nəqliyyatında sərhəd nəzarəti dəstəsinin yaradılmasının 25 illiyi və yeni inşa edilmiş inzibati binanın açılışı münasibətilə təntənəli tədbir keçirilib.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Heydər Əliyevin və Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş xidməti nailiyyətləri qeyd edib, Ali Baş Komandanın etimadı ilə fəxr edən Azərbaycan sərhədçıləri üçün dövlətçiliyimizin və sərhəd­lərimizin keşiyində durmağın böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirib.

Çıxış edənlər Dövlət Sərhəd Xidmətinin Hava Nəqliyyatında sərhəd nəza­rəti dəstəsinin fəaliyyətə başladığı gündən Azərbaycanın əsas giriş-çıxış qa­pı­larında dövlət sərhədindən keçən şəxslərə, nəqliyyat vasitələrinə və yüklərə etibarlı sərhəd nəzarətini həyata keçirdiyini, müstəqilliyimizin ilk illərində əzm­kar­lıq və iradə nümayiş etdirdiyini, böyük inkişaf yolu keçərək formalaşdığını vurğulayıblar.

Tədbirdə xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndiriliblər.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov və digər qonaqlar tərəfindən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmub, sonra inzibati binaya baxış keçirilib.

Ümumi ərazisi 0,6 hektar olan dörd mərtəbəli qərargah binasında xidməti və xüsusi təyinatlı otaqlar, müxtəlif yığıncaqların keçirilməsi və tədbirlərin təşkil olunması üçün konfrans zalı, təlim mərkəzi inşa olunub.

Qərargah bina­sında xidmətin yüksək standartlara və günün tələblərinə uyğun şəkildə təşkil olunması üçün zəruri şərait yaradılıb, lazımi avadanlıqlar və vasitələrlə təmin olunub.