21/08/2017 11:58

DSX hərbi hospitalının rəisi Ümumdünya Cərrahiyyə Konqresinin prezidenti seçilib

13-17 avqust tarixlərində İsveçrənin Bazel şəhərində Beynəlxalq Cərrahiyyə Cəmiyyətinin (International Society of Surgery, ISS) 47-ci Ümumdünya Cərrahiyyə Konqresi keçirilib.

Azərbaycan Dövlət Sərhəd Xidmətindən (DSX) “AzeriDefence”yə verilən məlumata görə, Konqresdə Azərbaycanı Cəmiyyətin həqiqi üzvü, DSX hərbi hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Kənan Yusif-zadə təmsil edib.

Konqresə üzv olan 6 elmi-tibbi Cəmiyyətin (APIMSF, ASAP, BSİ, IAES, IASMEN, IATSIC) iştirakı ilə müasir elmi proqramlar təşkil olunub.

Konqresdə hərbi cərrahiyyəyə aid, fəlakət zonalarında cərrahiyyənin tətbiqi, müasir günün terror hücumlarına qarşı mübarizədə cərrahiyyə, sülh dövründə hərbi cərrahların fəaliyyəti, lokal konfliktlərdə hərbi cərrahların rolu kimi mövzularda təqdimatlar dinlənilib.

Konqres zamanı növbəti iki il üçün Konqresin prezidenti tibb xidməti polkovnik-leytenantı Kənan Yusif-zadə seçilib və Beynəlxalq Hərbi Cərrahiyyə Cəmiyyətinin növbəti konqresinin 2018-ci ilin aprel ayında Bakı şəhərində keçirilməsi barədə qərar qəbul olunub.