31/10/2013 07:36

DSX hərbi qulluqçuları ARDNŞ tərəfindən mükafatlandırılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Xəzər dənizinin “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyuda qəza nəticəsində baş vermiş yanğının qarşısının alınmasında fərqlənmiş DSX-nin hərbi qulluqçularının ARDNŞ tərəfindən mükafatlandırılması mərasimi keçirilib. Bu barədə “AzeriDefence”yə DSX-dən məlumat verilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev, ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti iştirak ediblər.

ARDN rəhbərliyi tərəfindən 23-26 avqust 2013-cü il tarixlərdə baş vermiş yanğının üzmə vasitələrinə quyuya yaxınlaşmağa imkan vermədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində açılmış sərrast atəşlər nəticəsində quyunun ağzının yanğının söndürülməsinə imkan verməyən avadanlıqlardan təmizlənilməsi, bu tapşırığın yerinə yetirilməsində DSX şəxsi heyətinin yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirməsi, nəticə etibarilə Xəzər dənizinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısının alınması xüsusi qeyd olunub.

Dövlət Sərhəd Xidmətinin 17 hərbi qulluqçusu ARDNŞ-nin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.