09/02/2019 15:11

DSX ilə DQİDK birgə seminar keçirib

Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq fevralın 7- də Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda “Vətən sərhəddən başlayır – sərhədlərimiz milli dəyərimizdir” mövzusunda seminar keçirilib.

Seminarda bildirilib ki, bu tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda vətənpərvər və sağlam düşüncəli gənclərin yetişdirilməsi, onları Vətəninə, onun sərhədlərinə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etmək, gənclərdə sərhədçi peşəsinə marağı artırmaq, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv tədbirlərlərin həyata keçirilməsidir.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərinin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində Azərbaycan sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-nın Sərhəd Qoşunlarına həvalə olunmasının isə şərəf və qürur olmaqla yanaşı eyni zamanda Ali Baş Komandanın Azərbaycan sərhədçisinə olan etimad və etibarının ifadəsi kimi dəyərləndiriblər. Eyni zamanda sərhədlərin mühafizəsinin təşkili zamanı şücaət göstərmiş sərhədçilərin qəhrəmanlıqlarından danışılıb və onların göstərdikləri igidliklər hər bir gəncə, sərhədçiyə örnək olması xüsusi olaraq vurğulanıb.

Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.

Tədbirin sonunda dini radikalizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.