26/06/2018 17:49

DSX İran Sərhəd Qoşunları komandanının açıqlamasını təkzib etdi

İrana məxsus xəbər saytları keçən həftə – iyunun 21-də Cəlilabad rayonunda Azərbaycan-İran dövlət sərhədində bir əsgərimizin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı məsələyə yenidən öz prizmalarından yanaşmağa başlayıb.

“AzeriDefence”nin məlumatına görə, İran Sərhəd Qoşunlarının komandanı general Qasım Rezayiyə istinadən “Tasnim” agentliyi və bir sıra saytlar silahlı münaqişənin sərhəddə deyil, guya sərhəddən 2 km aralıda, Azərbaycanın daxilində baş verdiyini yazıb. İran rəsmiləri bununla hadisənin sərhəddən kənarda baş verdiyini göstərib problemi daxili məsələ kimi təqdim etməyə çalışıblar.

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən “AzeriDefence”yə bildirilib ki, hadisənin baş verdiyi yer, saat və hadisə barədə informasiya baş verəndən dərhal sonra ictimaiyyətə açıqlanıb.

“Bildiririk ki, 2018-ci ilin 21 iyun tarixində, saat 02:45 radələrində, DSX Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonunun Bayxanlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib. Hadisədən dərhal sonra DSX rəisi, general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gedib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar veriblər. Hadisə yeri və oraya baxış keçirilməsini özündə əks etdirən görüntülər də tərəfimizdən yayımlanıb”, deyə DSX-dən bildirilib.

AZERİ DEFENCE-nin araşdırmaları göstərir ki, bu, İran rəsmilərinin sərhəddə baş verən silahlı insidentlərlə bağlı ilk belə açıqlaması deyil. Bundan əvvəl də bənzər hadisələr zamanı İran sərhədçiləri problemin həllini araşdırıb aradan qaldırmaq yerinə başqa istiqamətə yönəldən açıqlamalarla çıxış ediblər.