01/02/2019 12:58

DSX: İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilən məqsədyönlü əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində son günlərdə narkotik vasitələrin qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, yanvarın 15-də saat 18:00 radələrində DSX-nin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi tərəfindən Lənkəran rayonunun Qamışovka və Siyavar kəndləri istiqamətində sahildən 12.7 mil aralı naməlum üzmə vasitəsinin Azərbaycanın dəniz sektoruna daxil olması müşahidə edilib. Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi hədəfi izləyərkən o, sürətlə cənub istiqamətinə doğru hərəkət edərək, ərazi sularını tərk edib. Naməlum üzmə vasitəsinin hərəkət koordinatlarına baxış zamanı dənizdə buya bərkidilmiş 1 ədəd bağlama içərisində tünd qara rəngli bərk halda çəkisi 995 qram olan narkotik vasitə “tiryək” aşkarlanaraq götürülüb.

17-20 yanvar tarixlərində, saat 20:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsinin müqabilində İranda atışma səsləri eşildiyi üçün sərhəd zastavası “silaha” komandasına qaldırılaraq həmin sahə istiqamətində hərəkət edib. Qeyd olunan ərazi dərhal qapadılaraq ətrafda axtarış tədbirləri keçirilib və nəticədə 2 ədəd rəngli çantanın içərisində 6 kq 100 “heroin”, 1 kq 800 qr “meta-mfetamin”, 200 qr “tiryək” və qayalıqların arasında gizlədilmiş halda 2 ədəd bağlama içərisində 14 kq 850 qram “tiryək” və 6708 ədəd “metadon-40” həbi aşkar edilərək götürülüb.

Yanvarın 20-də “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 1983-cü il təvəllüdlü Bani Bayrami Maghsood Rezaghilinin üzərinə baxış keçirilərkən daxili orqanlarından 71 qram “metamfetamin” və 137 qram narkotik maddə olan “heroin” aşkar olunub. Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Azərbaycan vətəndaşları Masallı rayon sakinləri 1969-cu il təvəllüdlü Hüseynov Mikayıl Mürvət oğlu və 1972-ci təvəllüdlü Əliyev Eldar Şakir oğlu saxlanılıblar.

Yanvarın 23-də, saat 00:53 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmiş Beyləqan rayon sakini əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Qəhrəmanov Elməddin Seyfəddin oğlu sərhəd pozucusu qismində saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 1 ədəd selofana bükülmüş halda 1080 qram “kokos” tərkibli narkotik maddə, 5 qram “marixuana” və 1 ədəd mobil telefon aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.