04/04/2019 12:26

DSX-nin Akademiyasının akademik kurslarının məzunlarına sertifikatlar verilib

Aprelin 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının akademik kurslarının növbəti məzunlarına sertifikatların verilməsi münasibətilə mərasim keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu tədbirin Dahi Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd mühafizəsi strategiyasının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməsinin növbəti təntənəsi olmasını qeyd edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali dəstəyi sayəsində DSX-də mükəmməl tədris sisteminin formalaşdırılması xüsusi vurğulanıb, DSX-nin Xüsusi Məktəbində, Akademiyasında və Akademik Kurslarda 14 illik ümumi təhsil müddətində zabit heyətinin milli dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilmələri, peşəkar zabit və vətənpərvər vətəndaş kimi yetişdirilmələri, nəticə etibarilə Vətən hüdudlarının layiqli müdafiəçiləri kimi formalaşdırılmaları qeyd olunub.

Bu mükəmməl hərbi təhsil sisteminin əsasını təşkil edən DSX-nin Akademiyasının 2007-ci ilin 12 iyun tarixində Prezident İlham Əliyev tərəfindən yaradılması sayəsində ali hərbi təhsilli sərhədçi zabit kadrlarının, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, dövlət sərhədlərinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılması sahəsində önəmli nəticələrin əldə olunması, mükəmməl elmi-pedoqoji potensialın və maddi-texniki bazanın yaradılması qeyd olunub.

Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir edildikdən sonra ən müasir tədris bazası ilə təmin olunaraq DSX-nin balansına verilmiş Xüsusi Məktəbdə 7 il ərzində DSX Akademiyası üçün layiqli kursantların hazırlanması, Xüsusi Məktəbə daxil olmaq barədə müraciətlərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artması, 2019-cu ildə 1 kursant yerinə 26 nəfər namizədin müraciət etməsi, bu rəqəmlərin sərhədçi peşəsinə olan böyük marağın göstəricisi olması bildirilib.

Akademik kursların bitirilməsinə həsr olunmuş tədbirin Azərbaycan hərb tarixinin zəfər günləri olan 2016-cı ilin aprel döyüşlərinin ildönümünə təsadüf etməsi ilə əlaqədar Vətən uğrunda həyatlarını qurban vermiş hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, həmin günlərdə düşmən təxribatının qarşısını alarkən Azərbaycan əsgərinin, çavuşunun, gizirinin, zabitinin qəhrəmanlığı, cəsarəti və rəşadəti sayəsində düşmənin alınmaz bildiyi döyüş mövqelərinin, qərargahlarının və hərbi hissələrinin darmadağın edilməsi nəticəsində Azərbaycanın hərbi qüdrətinin nümayiş etdirilməsi, Azərbaycan sərhədçilərinin bu qələbənin əldə olunmasına oz ciddi töhfələrini vermələri, şəxsi heyətin Prezident lham Əliyevin Ali Baş Komandanlığı altında torpaqları işğaldan azad etmək üçün hər bir döyüş tapşırığının icrasına daima hazır olmaları xüsusi qeyd olunub.

Akademik kursları bitirmiş zabitlər Vətənə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlarına, dövlət sərhədlərimizin etibarlı mühafizəsini təmin etmək üçün bilik və baca­rıqlarını əsirgəməyəcəklərinə söz veriblər.

Sonda xatirə şəkili çəkdirilib.