30/11/2015 12:33

DSX-nın çevik hərəkət bölmələri və aviasiya qüvvələrinin döyüş hazırlığı yoxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) döyüş hazırlığı proqramına uyğun olaraq çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsi yoxlanılıb.

DSX-nın mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 24-26 tarixlərində  keçirilən təlimdə ilkin olaraq dövlət sərhədini pozmuş şərti terrorçu dəstənin olduğu yerin dəqiqləşdirilməsi üzrə kəşfiyyat aparma imkanları və müəyyən edilmiş rayona helikopterlərlə desant çıxarma bacarıqları yoxlanılıb, desantın paraşüt tullanışları müvəffəqiyyətlə yerinə yetirilib.

“Həyəcan” komandası ilə qaldırılan çevik hərəkət bölmələri cəmləşmə rayonuna vaxtında çatmış və döyüş tapşırığının dərhal icrasına başlanılıb. Müəyyən olunmuş hədəflərə qarşı helikopterlərin idarə olunan raket komplekslərindən atışlar dəqiqliklə yerinə yetirilib.

Çevik hərəkət bölmələrinin mürəkkəb relyefli çətin keçilən dağlıq ərazidə zirehli texnikalarda döyüş bacarığı və atış imkanları, çevik hərəkət bölmələri aviasiya qüvvələri arasında əlaqəndirmənin səviyyəsi və həmin bölmələrin idarəetmə orqanlarının birgə fəaliyyəti yoxlanılıb. Aviasiya və döyüş texnikasının yüksək manevr imkanları, bölmələrin şəxsi heyəti tərəfindən möhkəm intizam və peşəkarlıq nümayiş etdirilib.

Yoxlama tədbirlərini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev izləyiblər.

Yoxlamaya cəlb olunan bölmələrin döyüş qabiliyyəti yüksək qiymətləndirilib, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmr və tapşırıqlarının icrasının təmin edilməsi üzrə əlavə göstərişlər verilib.

1

3

4

5

6

7

8