16/08/2019 10:51

DSX-nin fəaliyyəti dövründə sərhədçilər tərəfindən 10 989 sərhəd pozucusu saxlanılıb

Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə (2002-2019) Azərbaycan sərhədçiləri tərəfindən 10 989 sərhəd pozucusu, 160 428 nəfər rejim pozucusu, 37 789 nəfər axtarışda olan şəxs saxlanılıb.

“AzeriDefence”nin məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

Bununla yanaşı, külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kq narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

General-polkovnik Elçin Quliyev bildirib ki, bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunmuş, terrorçuluğa qarşı mübarizə çərçivəsində 91 şəxs saxlanılmış, 388 nəfərin şəxsiyyəti müəyyən edilib.

Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 150 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.