16/05/2018 11:44

DSX-nin Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda seminar keçirilib

Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq mayın 15-də Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə: mənəvi və hüquqi müstəvidə” mövzusunda seminar keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun iştirakı ilə keçirilən seminarda dini radikalizmin törətdiyi fəsadlar geniş izah olunub, bəzi qüvvələrin din pərdəsi altında Azərbaycanın ictimai-siyasi sabitliyinə, dövlətin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşları xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənib və bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən görülən tədbirlər haqqında ətraflı məlumat verilib.

Tədbirdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikanın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunub.

Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.

Tədbirin sonunda dini radikalizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.