26/05/2018 10:59

DSX-nin hərbi hissələrində AXC-nin yaradılmasının 100 illik yubileyi qeyd olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirilir.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Keçirilən tədbirlərdə mürəkkəb siyasi dövrdə cərəyan edən, Azərbaycanın dövlətçilik tarixinə şanlı bir səhifə kimi qızıl hərflərlə yazılan, xalqın milli oyanışının məntiqi yekunu olaraq ilk demokratik dövlətin yaranması və İstiqlal Bəyannaməsinin qəbul edilməsi haqqında ətraflı məlumatlar verilib, bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün Şərq dünyası üçün mühüm əhəmiyyət kəsb edildiyi vurğulanıb.

Respublika Günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Aparatında, Sahil Mühafizəsində və Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbirlərdə Şərqin və türk dünyаsının ilk dеmokrаtik dövləti olаn Аzərbаycаn Xаlq Cümhuriyyəti dövründə etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, dövlət atributlarının qəbul olunması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ordunun yaradılması, dövlət sərhədlərinin və təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlər iftixаr hissi ilə qeyd olunub.

Tədbirlərdə Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünya dövlətləri arasında layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə vurğulanıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət sərhədlərinin qorunması, sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkənin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi olaraq qeyd olunub.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi bir daha milli dövlətçilik tarixinə olan hörmət və ehtiramın bariz nümunəsi olması vurğulanıb.

Tədbirlərin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileynə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.