05/08/2019 14:44

DSX-nin Hərbi hospitalı ilə Hərbi Cərrahlar İctimai Birliyi birgə kurs təşkil ediblər

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalının və Azərbaycan Hərbi Cərrahlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş “Hərbi-səhra döyüş travması simpoziumu və travma kursu” təşkil olunub.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Simpoziumda DSX-nin Hərbi hospitalının rəisi, tibb üzrə elmlər doktoru, əməkdar həkim, tibb xidməti polkovniki Kənan Yusifzadə və Azərbaycan Hərbi Cərrahlar İctimai Birliyinin mütəxəssisləri çıxış edərək Azərbaycan üçün hərbi cərrahiyyənin inkişafının əhəmiyyətindən və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən söz açıblar.

O cümlədən hərbi səhra cərrahiyəsinin təşkili, silahlı yaralanmalarda cərrahi müalicənin prinsipləri, damar yaralanmalarının müasir aspektləri, odlu silah travmalarından sonra yuxarı və aşağı ətrafların imobilizasiyası, tənəffüs yollarının zədələnməsi zamanı asfiksiyanın aradan qaldırılması, kəllə-beyin travmaları zamanı trepanasiya, sidik-cinsiyyət sisteminin odlu silah yaralanmaları zamanı müalicəsi və diaqnostikası, çanaq sümüklərinin sınıqları zamanı eksterenal fiksatorların qoyulması mövzusunda mühazirələr oxunub, praktiki dərslər keçirilib.