26/09/2017 15:23

DSX-nin rəis müavini: Ceyrançöldə minadan təmizlənən ərazidə sərhədçilər gündəlik xidmət aparırlar

“Ceyrançöl təmizləmə zonasında 1 000 000 kv. metr ərazidə DSX hər gün sərhəd patrul xidməti aparır. Bu təmizlənən ərazilərin sərhədçilərin gündəlik fəaliyyətində böyük rolu var”.

“AzeriDefence”nin məlumatına görə, bunu ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı və gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri” adlı tədbirdə çıxışı zamanı DSX rəisinin müavini, general-leytenant İlham Mehdiyev bildirib.

İ.Mehdiyevin sözlərinə görə, minadan təmizlənmiş həmin ərazilərdə patrul xidməti aparan sərhədçilərin təhlükəsiz hərəkəti və dövlət sərhədlərinin daha etibarlı təşkili mümkün olub.

İ.Mehdiyev qeyd edib ki, DSX-nin ANAMA ilə sıx əməkdaşlığı çərçivəsində Füzuli rayonun Horadiz şəhəri istiqamətində vaxtılə işğaldan azad edimiş ərazilərdə də DSX-ya ANAMA tərəfindən çox böyük dəstək verilib. Generalın sözlərinə görə, dövlət sərhəddinin mühafizəsi üçün həmin ərazilərdə təxminən 500 000 kv. metr ərazi ANAMA tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib və bu gün orada sərhəd patrul xidməti təhlükəsiz şəraitdə öz vəzifələrini yerinə yetirir.

“Bütün bu qeyd edilənlər, xüsusilə sərhədlərin mühafizəsindəki bu fəaliyyət beynəlxalq səviyədə cinayətkarlığın yayılmasının qarşısının alınmasında ciddi töhvə verir. Bunula əlaqədar bu layihəyə dəstək verənlərə, ANAMA-ya və donor qurumlara öz təşəkkürümüzü bildirir və layihənin ciddi önəmini qeyd edərək, bunun davam etdirilməsinin daha da faydalı olacağına inanırıq”, – deyə DSX rəisinin müavini vurğulayıb.