14/08/2019 10:53

DSX-nin silah və hərbi texnikaları ictimaiyyətə nümayiş etdirilib – YENİLƏNİB -FOTOLAR

Bu gün Bakı şəhəri Də­niz­kənarı Milli Parkda Bayraq Meydanının yaxınlığında “Azərbaycan Sərhəd Mü­ha­fizəsi: dünən, bu gün və sabah” mövzusunda bayram tədbiri keçirilib.

“AzeriDefence”nin məlumatına görə, tədbir Dövlət Sərhəd Xidmətinin yaranmasının yüzillik yubileyinə həsr edilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin (DSX) silahlanmasında mövcud olan BTR-70S, Türkiyənin “Otokar” şirkətinin istehsalı olan “Cobra”, ZPT, “Engerek” maşınları, “Toyota” nəqliyyat vasitəsinin bazasında uzaq məsafədən izləmə və müşahidə sistemi, 2016-cı ilin aprel döyüşlərində ilk dəfə uğurla istifadə olunmuş “Harop” kamikadze pilotsuz uçuş aparatı, silahlanmaya bu il qəbul edilmiş “SkyStriker” kamikadze PUA, İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “Skylark” mini PUA və s. nümayiş etdirilib.

Vətəndaşlar DSX aviasiya dəstəsinin silahlanmasında yer alan 3 ədəd Mi-17V1 helikopterləri ilə də yaxından tanış olublar. Qeyd edək ki, bu helikopterlər İsrail istehsalı olan LAHAT tank əleyhinə raket sistemləri ilə silahlandırılıb. Raket təlim atışları zamanı 11 km məsafədəki hədəfləri məhv edib.

Tədbirdə DSX-nin istifadəsində olan mobil kazarma kompleksləri də nümayiş etdirilib. Hazırda həmin komplekslər Azərbaycan-Ermənistan sərhəddində, eləcə də Keşikçidağ ərazisində istifadə edilir.

Sərgidə ən diqqət çəkən avadanlıqlardan biri isə snayper silahları idi. DSX arsenalında olan “OM Nemesis”, AW-50, “CheyTac”, “Remington” və digər snayper tüfənglərinin modelləri nümayiş olunub.

Tədbir müddətində Bayraq Meydanı qarşısında DSX Sahil Mühafizəsinin “Tufan” və “Şahdağ” layihəli gözətçi gəmiləri də lövbər salıb. İctimaiyyət nümayəndələri gəmilərlə, eləcə də DSX Sahil Mühafizəsinin təchizatı ilə tanış olublar.

Bundan başqa, sərgi zamanı optik müşahidə cihazları, sualtı əməliyyat avadanlıqları, əsgərlərin əraziyə uyğun kamuflaj geyimləri, kinoloqların fəaliyyəti və s. nümayiş etdirilib.

Qeyd edək ki, tədbir iştirakçılarına hərbi və döyüş texnikası ilə bilavasitə tanış olmaq, onların üzərində şəkil çəkdirmək, səhra mətbəxində əsgər yemə­yin­dən dadmaq, interaktiv tirdə atəş açmaq, qısa müddət ərzində özlərini sərhədçi kimi hiss etmələri üçün şərait yaradılıb.

Bayram tədbirində şəhər sakinlərinə, xüsusən də gənclərə və yeniyetmələrə Azər­baycan Respublikasının dövlət sərhədləri, sərhəd mühafizə tarixi, dövlət sər­hə­dinin mühafizəsində tətbiq olunan hərbi və döyüş texnikası, silahlar və xüsusi sər­həd mühafizə avadanlığı haqqında məlumat verilib.

Tədbir zamanı DSX-nin nümunəvi orkestrinin iştirakı ilə vətənpərvərlik ruhunu aşılayan nəğmələrin səsləndirildiyi konsert proqramı da təşkil edilib. Konsertdə tanınmış incəsənət xadimləri ifalar səsləndirib.