18/08/2019 21:23

DSX-nin silahlanmasındakı uzun mənzilli “ölüm maşını”

DSX yeni snayper tüfənglərini nümayiş etdirib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) son illərdə silahlanmaya qəbul etdiyi snayper tüfəngləri arasında EDGE-338 LRKM (Long Range Killer Machine – uzun mənzilli ölüm maşını) uzaq məsafəli snayper tüfəngi də yer alır.

“AzeriDefence”nin məlumatına görə, ABŞ-ın “Defensive EDGE” şirkətinin istehsalı olan EDGE-338LRKM snayper tüfəngi avqustun 14-də Bayraq Meydanında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibəti ilə keçirlən tədbirdə ictimaiyyətə nümayiş etdirilib.

“AzeriDefence”nin əməkdaşı ilə söhbət edən DSX-nin snayperləri adıçəkilən tüfəngi döyüş şəraitində tətbiq etməklə 2000 metr məsafədə hədəfi vurduqlarını bildiriblər.

Snayper tüfəngi istehsalçı şirkətin özü tərəfindən yaradılmış .338 EDGE patronlarından istifadə edir.

Silahın effektiv atış məsafəsi 2500 yard (2286 metr), çəkisi 7 kiloqram təşkil edir. Əllə tək-tək doldurma (bolt action) iş prinsipinə malik silahın darağı 3 patron tutur.

Qeyd edək ki, DSX tədbirdə həmçinin silahlanmasında yer alan Azərbaycan istehsalı olan ST-338 “Yalquzaq”, ABŞ istehsalı olan “CheyTac”, İsveçrə istehsalı olan OM-50 “Nemesis”, Finlandiya istehsalı olan “Sako TRG-22”, Avstriya istehsalı olan SSG-08 və SSG-M1, Xorvatiya istehsalı olan MACS, İngiltərə istehsalı olan AW-50, AX-308, “RPA Rangemaster – 338LM” snayper tüfənglərini nümayiş etdirib.