18/06/2018 14:46

DSX-nin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirilib

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 2017-2018-ci tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət himninin səsləndirilməsindən sonra, DSX rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılıb. Tədbirdə çıxış edənlər tərə­findən ölkəmizdə gənclərin yüksək səviyyəli təhsil almaları, fiziki və mənəvi cəhətdən sağlam böyümələri, layiqli vətəndaş kimi tərbiyə olunmaları üçün böyük imkanların yaradılması, bu məsələlərin prezident İlham Əliyevin daima diqqət mərkəzində olması, DSX Xü­susi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaranması, birinci vitse-prezident Mehri­ban xanım Əliyevanın 2011-ci ilin oktyabr ayının 18-də və 2018-ci ilin mart ayının 5-də məktəbdə təşkil olunan açılış mərasimlərində iştirak etməsinin bu diqqətin real göstəricisi olduğu qeyd edilib.

Əsas təyinatının kursantları Azərbaycan Respublikasının Prezi­den­tinə, dövlətçiliyinə, xalqına sadiq və vətən­pərvər ruhda tərbiyə et­mək olan DSX Xüsusi Məktəbində yüksək səviyyəli tədris və təlim şə­raitinin yaradılması xüsusi vurğulanıb.

DSX Xüsusi Məktəbini 2018-ci ildə bitirən kursantlara xüsusi döş nişanları və qiymətli hədiyyələr təqdim olunub. Məzunlar DSX Xüsusi Məktəbinin bayrağı ilə vidalaşmaq üçün bayrağın qarşısında təzim ediblər.

Kursantlar təntənəli marşla tribunanın önündən keçdikdən sonra “Sərhədçi marşı”nı ifa ediblər.

Bundan sonra məzunlar DSX Xüsusi Məktəbinin “məzun simvolu” olan rəmzi nar ağacında üzərində “2018-ci ilin məzunları” yazılmış nar meyvəsinə adları və soyadları yazılmış siyahını sancıblar.

Tədbirin sonunda məzunlar məktəbin foyesində dahi öndər Heydər Əliyevin büstü önündə xatirə fotoşəkili çəkdiriblər.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov iştirak edib.