17/09/2019 15:08

DSX-nin Xüsusi Məktəbində və Akademiyasında yeni tədris ilinin başlanması münasibəti ilə tədbir kеçirilib

2019/2020-ci tədris ilinin başlanması münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində mərasimlər keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət Himninin ifası ilə başlanan tədbirlərdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov yeni tədris ilinin başlanılması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Bildirilib ki, milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Prezident İlham Əliyevin 12 iyun 2007-ci il tarixli sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akademiyası qısa müddət ərzində inkişaf edərək təkcə ölkənin deyil, bütün regionun beynəlxalq səviyyəli qabaqcıl ali hərbi təhsil müəssisələrindən birinə çevrilib.

Bildirilib ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi çox böyük nüfuz qazanıb. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alınaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni korpusu inşa edilib və bununla da kursantların sayı 3 dəfəyədək artırılıb.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində kursantlar üçün yaradılmış təhsil və yaşayış şəraiti ilə yaxından tanış olan valideynlər ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və övladlarını təbrik ediblər.

Həmin gün DSX-nın Akademiyasında yeni inşa edilmiş tədris korpusu da istifadəyə verilib. Yeni tədris korpusunda yüksək səviyyəli hərbi təhsilin verilməsi, nəzəri biliklərin və praktiki vərdişlərin kursantlar tərəfindən mənimsənilməsi üçün ən müasir avadanlıqla təchiz edilmiş dənizçilik, sərhəd təhlükəsizliyi və aviasiya kafedraları, topoqrafiya, atəş hazırlığı, hərbi mühəndis hazırlığı, rabitə hazırlığı sinifləri, rahat kazarma otaqları, 440 nəfərlik akt zalı, 270 nəfərlik mühazirə zalı və kitabxana, həmçinin kursantların idman saatlarında məşğul olmaları üçün müasir standartlara cavab verən idman zalı, zəruri avadanlıqla təchiz edilmiş digər xidməti otaqlar istifadəyə verilib.

Tədbirlər kursantların təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.