20/09/2018 11:40

DSX-nin Xüsusi Məktəbində yeni dərs ilinin başlanmasına həsr оlunmuş tədbir kеçirilib

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində yeni dərs ilinin başlanmasına həsr оlunmuş tədbir kеçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər məktəbin müəllim və kursant kollektivini, onların valideynlərini təbrik ediblər. Qeyd olunub ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi Azərbaycanda çox böyük nüfuz qazanıb. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş ən yüksək standartlara cavab verən tədris korpusu cari ilin mart ayının 5-də Birinci Vitse-Prezident Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaradıb.

Məktəbdə yüksək ixtisaslı pedaqoji kollektivin yaradıldığı, təlim və tədrisin müasir tələblər səviyyəsində qurulması üçün qabaqcıl metodların bacarıqla tətbiq edildiyi, hər il məktəbi bitirən kursantların əksəriyyətinin uyğurla imtahan verərək Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunduğu məmnunluq hissi ilə qeyd olunub.

Mərasimdə iştirak edən validеynlər Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və övladlarını təbrik еdərək onlara nəsihətlər veriblər.

Tədbir kursantların təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.