15/08/2018 13:59

DSX-nin yeni sərhəd zastavası kompleksi istifadəyə verilib – FOTO

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Yuxarı Tahircal” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə təşkil olunan təntənəli mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə göstərdiyi ali diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılmasını qeyd edib, yeni istifadəyə verilən sərhəd zastavasının bu ali münasibətin növbəti təzahürü olduğunu vurğulayıb.

1992-ci ilin iyunun 16-da əsası qoyulan və yaradılarkən heç bir sərhəd infrastukturuna malik olmayan “Xudat” sərhəd dəstəsi ötən dövr ərzində şərəfli inkişaf yolu keçərək Dövlət Sərhəd Xidmətinin qabaqcıl hərbi hissələrindən birinə çevrilib, Respublikanın şimal sərhədlərinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər əldə edib.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin “Xudat” sərhəd dəstəsinə 4 dəfə səfər etməsinin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratması, hər bir sərhədçiyə qürur və şərəfli anlar yaşatması xüsusi vurğulanıb.

Ötən əsrin 90-cı illərin əvvəllərində heç bir sərhəd infrastrukturu olmayan ərazidə xidmətə başlayan sərhədçilərə Qusar rayon sakinlərinin ciddi köməklik göstərmələrini xatırlayan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhəd mühafizəsinin təşkilinə verilən böyük dəstəyə görə yerli sakinlərə minnətdarlığını bildirib.

Tədbirdə iştirak edən Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov sərhədçiləri təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb, Qusar əhalisinin hər zaman Azərbaycan dövlətçiliyinə xidmət etməsini bildirib, yerli sakinlərin problemlərinin həllinə sərhədçilərin daima dəstək verməsinə görə minnətdarlığını ifadə edib.

Xidməti fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.

Rəmzi lent kəsildikdən sonra general-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavası kompleksində yaradılmış şəraitlə tanış olub. Müasir tələblərə cavab verən sərhəd zastavasında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət və xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün inşa olunub, mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilib.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.