16/08/2019 10:43

DSX rəisi: Azərbaycanda güclü sərhəd mühafizə infrastrukturu yaradılıb

“Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılıb, dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunub”.

“AzeriDefence”nin məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

DSX rəisi qeyd edib ki, Azərbaycanın sərhəd mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan qurum səviyyəsinə yüksəlib.

“Azərbaycanın sərhəd mühafizəsi bu gün şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti-döyüş fəaliyyətinin göstəricilərinə görə təkcə regionda deyil, Avropa miqyasında aparıcı mövqeyə yüksəlib”- deyə DSX rəisi vurğulayıb.

General-polkovnik E. Quliyev qeyd edib ki, DSX-nin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır.

General bildirib ki, elmi-texniki tərəqqi sərhəd təhlükəsizliyinin təminatında da insan faktorunun azalmasını qaçılmaz edir: “Ölkəmizin sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyi üçün texniki vasitələr komplekslərinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir”.