30/03/2019 12:09

DSX rəisi Qazax sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb


Martın 29-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilib, dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi məqsədilə sərhədçilərə göstərilən hərtərəfli dəstəyə görə minnətdarlıq bildirilib, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi Qazax rayonunun icra hakimiyyətinin başçısı və yerli ictimaiyyət nümayəndələri ilə birgə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində olub, burada aparılan mühəndis təminatı və döyüş mövqelərinin möhkəmləndirilməsi işlərinə yerində baxış keçirilib, zabit və əsgərlərlə söhbət aparılıb, xidməti-döyüş fəaliyyətinin nəticələri haqqında məruzələri dinlənilib.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq xidməti ərazidə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılması, hərbi hissələrdə və bilavasitə təmas xəttində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi istiqamətində görülən işlərin gücləndirilməsi barədə tapşırıqlar verilib.

Səfər çərçivəsində Dövlət Sərhəd Xidmərinin rəisi və digər vəzifəli şəxsləri mart ayının 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Füzuli rayonu istiqamətində şəhid olmuş Qazax rayonunun Yuxarı Salahlı kənd sakini əsgər Əlləzov Əlləz Ələddin oğlunun yas mərasimində iştirak edib, qəhrəman əsgərin valideynlərinə baş sağlığı veriblər.