19/05/2016 12:29

DSX rəisi Şəmkirdə vətəndaşları qəbul edib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bu gün Şəmkir Sərhəd Dəstəsində Ağstafa, Qazax, Samux, Tovuz və Şəmkir rayonlarının sakinlərini qəbul edib.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən “AzəriDefence”yə verilən məlumata görə, sakinlərin qəbulu vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilir.

Qəbul zamanı vətəndaşların (DSX)-də xidmətə qəbul, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərin əksər hissəsi araşdırılaraq yerindəcə həll olunub. Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürüb.