12/03/2019 13:32

DSX rəisi Yardımlıda sərhəd pozucularının qarşısını alan əsgərlərlə görüşdü – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev martın 12-də DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığında dövlət sərhədinin pozulması cəhdinin qarşısını almış əsgər və zabitlərlə görüşüb.

“AzeriDefence”nin məlumatına görə, şəxsi heyətə göstərdikləri sayıqlığa görə təşəkkür edən general-polkovnik E. Quliyev sərhəd mühafizəsinin daha da gücləndirilməsi barədə tapşırıqlar verib. Dövlət sərhədinin pozulmasının qarşısını almış hərbi qulluqçular təltifləndiriliblər.

Qeyd edək ki, martın 12-də saat 00:07 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edən 6 nəfər silahlı naməlum şəxs sərhəd naryadının əmrinə tabe olmayaraq odlu silahdan atəş açıblar. Bundan sonra “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq geri qaçıblar.

Sərhəd nümayəndəliyi xətti ilə İranın sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib. İran sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib. DSX rəisi İranın Muğan sahəsi ilə sərhəd komissarı ilə ərazidə görüşüb, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunub.