02/05/2015 17:29

DSX rəisi Türkiyə Jandarma Qüvvələrinin qərargah rəisini qəbul edib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Jandarma Qüvvələrinin qərargah rəisi korpus generalı İbrahim Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Geçirilən görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti, qaçaqmalçılığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılmış, sərhəd əməkdaşlığı məsələləri nəzərdən keçirilib.

Türkiyə nümayəndə heyətinə Azərbaycanın dövlət sərhədlərindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar, dövlət sərhəd xətti boyu inşa edilən müasir sərhəd mühafizə infrastrukturu, Ermənistanın Azərbaycana təcavüzunun nəticələri barədə məlumat verilib.

Müzakirələr zamanı sərhəd mühafizəsi sahəsində ikitərəfli münasibətlərin inkişaf səviyyəsi nümayəndə heyətlərinin rəhbərləri tərəfindən yüksək qiymətləndirilib. Tərəflər arasında sərhəd mühafizəsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycan və Türkiyənin dövlət sərhədlərində vəziyyət haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, təlim-tədris sahəsində, qarşılıqlı maraq doğuran digər məsələlər üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Qonaqlar Dövlət Sərhəd Xidmətinin Akademiyasında və “Sərhədçi” İdman Olimpiya Mərkəzində olub, yaradılmış şərait və təlim-tədris prosesi ilə yaxından tanış olublar.