03/08/2018 13:33

DSX Sahil Mühafizəsində seminar keçirilib

Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq avqust ayının 2-də DSX Sahil Mühafizəsində ”Dini ekstremizmin təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun iştirakı ilə keçirilən seminarda dini radikalizmin təbliğat metodları və onun törətdiyi fəsadlar geniş izah olunub, bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənmiş və bu cür əməlləri törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən görülən tədbirlər, eyni zamanda respublikamızda hökm sürən sabitliyi və dinamik inkişafı gözü götürməyən bəzi kənar qüvvələrin dəstəyi ilə din pərdəsinə bürünən cinayətkar ünsürlər tərəfindən bu ilin iyul ayında Gəncə şəhərində ictimai asayişi pozaraq vətəndaş qarşıdurması yaratmaq cəhdləri barədə ətraflı məlumat verilib.

Tədbirdə prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunub.

Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.

Tədbirin sonunda dini radikalizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.