13/03/2018 12:24

DSX Sahil Mühafizəsinin əməkdaşları Xəzərdə batan balıqçıları xilas ediblər

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, martın 12-də Astara reydində fırtınalı hava şəraiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən “ŞA-274” bort nömrəli, “Yamaha-48” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilib.

Sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.

Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində fırtınalı hava şərati və texniki nasazlıq səbəbidən sahildən 10 km məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, zəruri xilasetmə əməliyyatına başlanılıb.

Küləyin sürəti saniyədə 23 metr, dalğanın hündürlüyü 3 metrdən çox olan fırtınalı hava şəraitində batma vəziyyətində olan qayıqdakı insanların xilas edilməsi mümkün olub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Həsənov Süleyman Telman oğlu və Həsənov Əbdülhüseyn Ağasəf oğlu olmaları müəyyən edilob.