24/01/2019 10:06

DSX Sahil Mühafizəsinin “Tufan” layihəli altıncı gəmisi dənizə endirilib – FOTOLAR

Yanvar ayının 10-da Prezident İlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilmiş S-206 nömrəli “Tufan” tipli sərhəd gözətçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bununla da yeni gəmi DSX Sahil Mühafizəsinin sıralarında xidməti-döyüş fəaliyyətinə başlayıb.

“Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən DSX Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını qürur və şərəflə yerinə yetirməyə hazır olan Azərbaycan sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması böyük ruh yüksəkliyi ilə qarşılanıb”, – deyə DSX bəyan edib.

Qeyd edək ki, 2014-cü ildə istifadəyə verilmiş DSX Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə indiyədək 6 ədəd “Şahdağ” (“Shaldag Mk V) və 6 ədəd “Tufan” (Saar OPV-62) layihəli sərhəd-gözətçi gəmisi inşa olunub.