16/01/2017 11:54

DSX Sahil Mühafizəsinin yeni gəmisi dənizə endirilib – FOTOLAR

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan S203 nömrəli “Tufan” tipli sərhəd gözətçi gəmisi xidməti – döyüş fəaliyyətinə başlaması ilə əlaqədar yanvarın 14-də Xəzər dənizinə endirilib.

Bu barədə “AzeriDefence” Dövlət Sərhəd Xidmətin mətbuat mərkəzinə istinadən məlumat verib.

Xatırladaq ki, yanvarın 13-də Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin inşası başa çatan “Tufan” gəmisi və yeni xüsusi texnikalar ilə tanış olub.

Qeyd edək ki, “Tufan” layihəli (SAAR OPV-62) sərhəd gözətçi gəmisinin uzunluğu 62 metr, su basımı 470 tondur. Hazırda Azərbaycan Silahlı Qüvvələrində özünün təchizatına görə ən müasir hərbi gəmi olan “Tufan”da “Rafael” şirkətinin istehsal etdiyi, 25 km atış mənzilinə sahib idarə olunan “Spike-NLOS” raketləri qurulub. Gəminin göyərtəsinə hər cür hava şəraitində helikopterlərin enib qalxması mümkündür. Gəmidə əlavə olaraq, həm məsafədən idarə edilən, həm də mexaniki şəkildə atışların aparılmasına imkan verən bir ədəd 23 mm çaplı 2A14 topuyla silahlandırılmış “Typhoon”, iki ədəd 12.7 mm çaplı M2HB pulemyotu ilə silahlandırılmış “Mini Typhoon” döyüş modulu yer alır. Gəminin naviqasiya sisteminə “Elta EL/M-2228X” kombinə olunmuş radar, “Furuno” naviqasiya radarı, “Rafael” şirkətinin istehsalı olan “Toplite” elektro-optik sistemi, gəminin idarə olunan raketlərdə mühafizəsi üçün WIZARD (Wideband Zapping Advanced Radar Decoy) maneə, uzaq məsafədən su altı təhdidləri aşkarlamaq üçün ən müasir sonar sistemi qurulub.