10/05/2018 10:37

DSX Sahil Mühafizəsinin yeni gəmisi suya endirilib – FOTO

Aprelin 30-da Prezident İlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-205 nömrəli  “Tufan”layihəli sərhəd gözətçi gəmisi bu gün Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasılatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə mühüm vəzifələri yerinə yetirən DSX-nin Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür.

Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.