01/10/2018 15:25

DSX sərhəd pozucularını yaxalayıb – FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda pirotexniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb, “Göytəpə” və “Zaqatala” sərhəd dəstələrinin xidməti ərazilərində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Gürcüstan ilə dövlət sərhədində Ehram çayının axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 1 ədəd göy rəngdə çəllək aşkar olunub. Çəlləyə baxış keçirilən zaman 22800 ədəd “Enigma” markalı pirotexniki vasitə aşkar olunub.

Bundan başqa, DSX Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən naməlum şəxsin hərəkəti aşkar olunub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qaldırılaraq hadisə yerinə hərəkət edilib və Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq hərəkət edən 1 nəfər şəxs saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı, 1974-cü il təvəllüdlü Şukahi Omid Həmid olması, 17.04.2018-ci il tarixdə “Böyük-Kəsik” SNM-dən Azərbaycandan Gürcüstana getməsi və 23.04.2018-ci il tarixdə “Şıxlı” SNM-dən Gürcüstandan Azərbaycana qayıdarkən Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəyə girişi qadağan olunduğuna görə geri qaytarıldığı üçün dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi müəyyənləşdirilib. Saxlanılan sərhəd pozucusunun üzərində ona məxsus İran pasportu, şəxsiyyət və sürücülük vəsiqələri, bank kartı, 429 AZN, 50000 İran tüməni, 2 ədəd yaddaş kartı, 1 ədəd “İphone-5 S” markalı mobil telefon, 1 ədəd İrana məxsusu sim kart, 1 ədəd əl fənəri, 1 ədəd bıçaq, “powerbank”, geyim əşyaları və ərzaq məhsulları aşkar olunub.

Həmçinin, DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində qabaqlayıcı əməliyyat məlumatına əsasən 1 nəfər sərhəd pozucusu saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin Azərbaycan vətəndaşı, Şəmkir rayon sakini 1998-ci il təvəllüdlü Tofiqzadə Pərvanə Elşən qızı olması və İran vətəndaşı ilə ailə qurmaq məqsədilə 2017-ci il ilin dekabr ayında Culfa SNM-dən qanuni yolla İrana getməsi, lakin İran vətəndaşının həyat yoldaşı və qohumları onları evdən qovduqları üçün uzun müddət ayrıayrı şəhərlərdə yaşamaları müəyyən edilib. P.Tofiqzadənin verdiyi məlumata əsasən ona məxsus olan Azərbaycan ümumvətəndaş pasportunu ailə qurduğu İran vətəndaşı tərəfindən əlindən alındığına görə dövlət sərhədini qanunsuz yolla keçmək məcburiyyətində qalıb. Sərhəd pozucusunun üzərində 1 ədəd “Samsunq” markalı mobil telefon, 30 AZN, 1 ədəd hesab kartı, şəxsiyyət vəsiqəsi və 1 ədəd əl çantası aşkar olunub.

Qeyd edilən faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.